Biri var idi, biri yox idi (III mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın üçüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2013-cü ildə elan edilmişdi. İcraçı prodüserlər Adam Horovitz və Edvard Kitsis bildirmişdilər ki, üçüncü mövsüm iki hissəyə bölünərək, birinci mövsüm 29 sentyabr-15 dekabr 2013-cü ildə, ikinci hissə isə 9 mart-11 may 2014-cü ildə efirə veriləcək.
Birinci hissədə qəhrəmanların Yoxlandiyada Piter Penlə mübarizəsi və Storibruka qayıtmaları, ikinci hissədə isə qəhrəmanların şəhərə yol tapmış Qərbin Qəddar Cadugəri Zelena ilə mübarizələri göstərilir. İki hissənin əsas antoqonistləri olan Qərbin Qəddar Cadugəri və Piter Pendən başqa üçüncü mövsümdə Din-din, Ariel, Şahzadə Erik, Ursula, Meduza, Rapunzel, Oz cadugəri, Xeyirxah Cadugər Qlinda, Şimalın Xeyirxah Cadugəri, Cənubun Cadugəri, Doroti Geyl, Qarasaqqal və Elza obrazları da debüt edir.
Mövsüm premyerası 8.52 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.6/7 reytinq qazanmışdır. Mövsüm ortası finalı tənqidçilər tərəfindən qiymətləndirilmiş və Cənab Qoldun özünü qurban etməsi və keçmişlə bağlı göstərişlər qeyd edilmişdir. Mövsümün ikinci hissəsi yaxşı reytinq nəticəsi göstərərək, ikinci seriya həftənin ən yüksək reytinq nəticəsinə nail olmuşdur və bu 2012-ci ilin oktyabrında ikinci mözsümün ikinci seriyasının yayımlanmasından sonra serialın göstərdiyi ən uğurlu nəticə idi. Seriya tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş, ssenari müəllifləri və prodüserlər tərəfindən yaradılmış yeni ssenari xəttinə dəyər verilmişdir. İki saatlıq mövsüm finalı 6.8 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.3/7 reytinq nəticəsi göstərmişdir ki, bu da serialın reytinqlərinin yaxşılaşmasına baxmayaraq, ən zəif final göstəricisi olmuşdur.